Biz düşmən axtarırdıq, qonşu tapdıq - HEKAYƏ

Nargin.az II dünya müharibəsi illərindəki Bakını və onun fonunda insanlarımızın məhrumiyyətlərini ən gözəl şəkildə əks etdirən hekayəmizi təqdim edir.
Maqsud İBRAHİMBƏYOV
PÜSTƏ AĞACI
(hekayə)
Müharibə vaxtı Bakıya bir dənə də olsa bomba düşmədi. Şübhəsiz ki, şəhərdə bunu heç kəs arzulamırdı, heç kim — bircə bizim həyətin uşaqlarından başqa. Biz çox istəyirdik ki, bizim məhəlləyə bir dənə də olsa bomba düşsün. Yandırıcı bomba olmasa da, hər hansı bomba olur olsun… Bu arzumuzdan heç nə çıxmadı, boş yerə evin üstündə gecənin yarısına kimi otururduq.
Divardan taxta lövhə asılmışdı və onun üstündə aydın yazılmışdı ki, hücum zamanı nə etmək lazımdır. Biz o sözləri əzbər bilirdik. Özü də nahaqca yerə. Həmin lövhə dava illəri divardan asılı qaldı, ondan heç kim istifadə etmədi. Dava vaxtı bizim üçün əyləndirici bircə şey vardı; o da evlər idarəsindən gəlib ayda bir dəfə yanğın zamanı istifadə etmək üçün evlərin üstündə saxlanılan dəmir çənlərin suyunu dəyişdirməkdən ibarət idi. Çənin içindəki su tünd yaşıl, bəzən də qara rəngə çalırdı. Evlər idarəsinin rəisi bizə söz vermişdi ki, çənin içində çömçəquyruq yaranacaq, ancaq biz çox gözlədik və hər gün gəlib çənin içinə baxdıq, orada çömçəquyruq deyilən şey görmədik.
Evlər idarəsinin rəisi yaxşı adam idi. O bizim işimizə heç vaxt qarışmazdı. Biz həyətdə hərbi qərargah tikmişdik, o, qərargahın başına dolandı, sonra da ayağını qərargahın divarına vurdu və dedi ki, qoyun qərargahın üstü beləcə açıq qalsın. Bir hadisə üz vermiş olsa qərargahın damı başınıza tökülər; kimin üçünsə bu pis olar, eləcə də mənim üçün. Ancaq o icazə verdi ki, biz tikdiyimiz həmin binadan hərbi qərargah kimi istifadə edək. Qərargahın üstünü örtməmişdik, bu heç bizə lazım da deyildi. Biz qərargahda hər hansı hərbi məsələni həll edəndə toplaşırdıq, silahları isə zirzəmidə saxlayırdıq.
Bizdə müxtəlif cür silah vardı. Qılıncı özümüz düzəldirdik; çəlləyin belindəki dəmir kəməri qopardırdıq, onu düzəldib artıq əskikliyini iskənə ilə kəsirdik, sonra onu dəmirin üstündə döyərək kənarlarını bir az nazildirdik, itiləyirdik, dəstəyinə də cındır dolayırdıq, olurdu əsl qılınc.
Başqa silahların çoxusunu isə Salyan kazarması deyilən yerdən toplamışdıq. Orada çəmənlikdə bir qalaq müxtəlif cür silah vardı: top lüləsi, qumbara, tırtılsız tank və iki nemis nişanlı təyyarə. Deyirdilər ki, əgər yaxşı axtarsaq oradan pulemyot və tank partlatmaq üçün mina da tapmaq olar. Biz çox axtardıq, nə mina, nə də pulemyot tapa bildik, ancaq çoxlu patron, bir də fitili çıxarılmış qumbara tapdıq. Patronları yeşiklərə, konserv qablarına yığdıq. Sonra ocaq qalayıb bir neçə patronu da atdıq ocağa, özümüz də qaçıb daş hasarın arxasında gizləndik ki, görək nə olacaq.
Hər dəfə zirzəmidə eyni partlayış baş verdi. Qonşular qorxa-qorxa evlərdən çıxıb küçəyə qaçışırdılar. Onlar heç cür başa düşə bilmirdilər ki, nə hadisə baş verib. Biz də özümüzü elə göstərirdik ki, guya heç bir şeydən xəbərimiz yoxdur. Ancaq aradan bir neçə gün keçəndən sonra Sura xala danışırdı ki, zirzəmidə alverçilər məskən salıblar. Gecələr onlar höcətləşib bir-birlərinə atəş açırlar. Qonşulardan ona inananlar da oldu… Bir dəfə zirzəmidə gurultu qopan zaman haradansa patrullar gəlib çıxdı və bizi qovmağa başladılar. Heç cür dərk edə bilmədik ki, patrullar bu sirri haradan biliblər. Bu lap qəribə iş idi. Onlar bizi tuta bilmədilər, ancaq məktəbə xəbər verdilər, bir də patron partlatmadıq. Dava-dava oyununu isə davam etdirdik.
Bizim evimiz çox böyük və ikimərtəbəli gözəl bir ev idi. Həmin evin ikinci mərtəbəsi başdan-başa dəhliz idi. Evimizin həyətində nəhəng bir püstə ağacı vardı. O ağac elə böyük idi ki, kölgəsi ikinci mərtəbənin də dəhlizinə düşürdü. Biz dava-dava oynayanda püstə ağacının budaqlarına qalxıb gizlənirdik, nə qədər axtarsalar da bizi tapa bilmirdilər. Bakı şəhərini bitəbit gəzsəniz də, heç bir həyətdə bu cür ağac tapa bilməzsiniz. Payızda həmin ağacın meyvəsi yetişirdi, biz onu toplayıb qonşular arasında ata malı kimi bölüşdürürdük. Püstəni əvvəlcə qərargaha daşıyırdıq, sonra təpə kimi yığılan püstəni torbalara doldurub evlərə verirdik. Hər evə bir torba püstə düşürdü. Qonşular bizə “sağ olun” deyirdilər.
Əlimizə düşən hər şeyi birinci qərargaha gətirirdik. Məktəbdə bizə səhər yeməyi verirdilər. Yemək ya vermişel, ya da müxtəlif cür pirojnadan ibarət olurdu. Kiseli məktəbdə içirdik, vermişeli və pirojnaları qərargaha gətirirdik və bütün uşaqlarla birlikdə qərargahda oturub səhər yeməyi yeyirdik. Anam deyirdi ki, bu pirojna heç yeməli deyil, onlar niyə bunu sizə verirlər. Bəlkə doğrudan da pirojnalar nişastalıdır, eh, əgər siz bilsəniz ki, bu necə dadlı pirojnadır…
Bütün işlərimizi qərargahda həll edirdik. Bizim hansımızın əlinə pul düşsəydi, Bazarın küçəsindəki dükandan paqon və ulduz alardı. Qəhrəmanlıq göstərən yoldaşlara biz təzə rütbə verirdik. Tezliklə bizim həyətdə bir nəfər də olsun sıravi əsgər qalmadı, rütbələr çox səxavətlə verilirdi. Tezliklə hamı “polkovnik”, “general”, “marşal” oldu. İki qız — Nəmirə və Tosya sanitar-general rütbəsi aldılar. Biz hamımız bilirdik ki, qızlar general ola bilməzlər. Əgər rütbə verməsəydik onlar yaralıların yarasını bağlamazdılar.
Bizim küçədəki iki həyətin uşaqları ilə vuruşurduq. Hamı küçəyə çıxıb qılıncla döyüşürdü. Küçədə gediş-gəliş də dayandı, hamı bizim vuruşmağımıza tamaşa edirdi. Qonşular evlərin pəncərəsindən baxırdılar. Bəzən yaralananlar da olurdu, ancaq heç bir zaman yaralananlar ağlamırdılar. Döyüş qurtarandan sonra tutulan əsirləri dəyişdirirdik. Məhəlləmizin uşaqları çox zaman qələbə qazanırdı. Bizim “döyüşçülərin” arasında təcrübəli “polkovniklər” vardı. Demək olar ki, hər gün dava-dava oynayırdıq. Ancaq haradasa həqiqi dava gedirdi, bu haqda biz böyüklərdən eşidirdik, dava bizim üçün zərrə qədər də qorxulu deyildi.
Sonra bizim həyətdə yeni qonşular peyda oldu. Onların arasında qız da, oğlan da vardı. Onlar balaca idilər, heç adlarını da bilmirdik. Pilləkəndə oturub bizim qılıncla necə məşq etdiyimizə tamaşa edirdilər.
Onlara birinci mərtəbədə otaq vermişdilər, öz anaları ilə yaşayırdılar. Məncə, həmin uşaqların anaları heç bir yerdə işləmirdilər, çünki onlar həmişə evdə olurdular və püstə ağacının altında oturub paltar yuyurdular. Səhərdən axşama kimi paltar yuyan qonşular yorulmaq bilmirdilər. Arada ayaq üstə durub, üz-gözlərinə dağılmış saçlarını düzəldib yenə də öz işlərini davam etdirirdilər. Qonşular deyirdilər ki, onlar paltarı fabrikdən götürüb yuyurlar, sonra da aparıb fabrikə qaytarırlar. Yoxsa evdə bu qədər ağ, paltar haradan idi? Yuduqları ağları qapıdan bağlanmış ciyələrin üstünə salıb qurudurdular, bir adam onların yuduğu şeylərə toxunsaydı, söyüb biabır edirdilər. Bu qadınlardan hətta onların doğmaca uşaqları da qorxurdu, xasiyyətləri çox tünd idi.
Bizim həyətdə yaşamaq çətinləşirdi. Nəinki dava-dava oynamaq, hətta həyətdə axşamlar ocaq qalamaq da olmazdı. Qonşular deyinirdilər ki, ocağın qara-qurası gəlib düşür yuyulmuş ağların üstünə. Ağları yuyandan sonra çirkli suyu gətirib tökürdülər püstə ağacının dibinə. Yaxşı ki, su sabunlu deyildi, dava vaxtı sabun tapılmırdı. Əvvəl çirkli suyu aparıb kənara atırdılar, düzdür, bu iş qadınlar üçün ağır idi. Arada biz qonşu qadına köməklik edirdik, ancaq acıdil adam olduğundan ondan uzaqlaşmalı olduq. Mənim anam deyirdi ki, insanın həyatı çətin olanda, onun xasiyyəti də dəyişir, həmin adam əsəbi olur. Müharibə vaxtı həyat çətinliklərlə və məşəqqətlərlə dolu idi. Anam səhərdən axşama kimi işdə olurdu, evə qayıdanda görürdü ki, mən qab-qacağı yumuşam, döşəməni təmiz əski ilə silmişəm. O gülümsünürdü və onun yorğunluğu bir andaca yaz dumanı kimi çəkilib gedirdi. Fikirləşirdim ki, bütün adamların xasiyyəti təzə qonşuların xasiyyəti kimi olsa, onda gərək baş götürüb insanlardan uzaq bir yerə qaçasan.
Qonşu qadın elə hər gün paltar yuyurdu və onun uşaqları kədər içində dolanaraq, çirkli suyu daşıyıb püstə ağacının dibinə dağıdırdılar. Bir gün evlər idarəsinin işçisi qonşu qadına bu işdə nöqsan tutdu. O, əlini suda yaxalayıb evlər idarəsinin işçisinə ağır bir cavab qaytardı. Evlər idarəsinin işçisi qızardı və çıxıb getdi, o bir neçə gün bizim həyətdə görünmədi. Hamı fikirləşirdi ki, görəsən təzə qonşu qadın evlər idarəsinin işçisinə nə dedi. Sonra Sura xala dedi ki, onun dili gəlmir ki, qonşu qadının evlər idarəsinin işçisinə dediyi sözü təkrar etsin. Sura xala utanırdı və heç kim ondan soruşmayırdı ki, qonşu nə deyib. Biz öz işimizlə məşğul idik, Sura xala isə istəyirdi ki, bu məsələni ondan soruşsunlar.
Biz dava-dava oyununu şənbə günü dərsdən sonra 28 nömrəli evin həyətində davam etdirməyi nəzərdə tutmuşduq. Ancaq bu məsələ püstə ağacının yanında baş verdi.
Səhər biz həyətdə görüşüb məktəbə gedirdik, birdən kimsə ağaca baxdı və qışqırdı, hamımız ağaca tərəf çevrilib diqqətlə ona baxdıq və gördük ki, ağac quruyub. Gözlərimizə inanmadıq, elə bil ki, yuxu görürdük, ağac çılın-çılpaq idi, bir gecədə onun bütün yarpaqları tökülmüşdü, qurumuş budaqlarda yalnız qaralmış püstə salxımları sallanırdı.
Həyətdə səs-küy qalxdı. Bizim həyət çox səs-küylü həyət idi. Bir dəfə yayda qonşunun biri o birinə dedi ki, sən faşistsən, az qaldılar ki, dalaşsınlar. Hələ bu vaxta kimi bizim həyətdə belə səs-küy olmamışdı. Hamı qışqırırdı, ancaq heç bir şey başa düşmək mümkün deyildi. Ancaq onu eşidə bildim ki, qonşunun biri dedi: “Ağacı məhv etdiniz, gül kimi ağacı…” Başqa bir nəfər dedi ki, aqronom çağırmaq lazımdır, bəlkə ağacı xilas etmək mümkün oldu. Təzə qonşu səs-küyə bayıra çıxdı, sakitcə deyilənlərə qulaq asdı, elə bil ki, bu məsələnin ona heç bir dəxli yox idi. Sonra içəri girib qapını da var gücü ilə arxasınca çırpdı. Həmin gün aqronom gəldi, o, püstə ağacına baxıb dedi ki, xeyri yoxdur, indi yalnız ağaclar məhv olmur, sonra da çıxıb getdi.
Həmin gün şənbə idi, biz 28 nömrəli evin uşaqları ilə vuruşmalı olmadıq. Həmin uşaqların haqqımızda necə fikirləşəcəkləri bizi qətiyyən maraqlandırmadı. Qərargaha toplaşdıq, hamımız fikirləşdik ki, bu təzə qonşuya nə deyək. Qəti qərara gəldik ki, onun haqqında nə fikirləşiriksə, gedib düz onun üzünə deyək. Deyək ki, axmaq qadındır, istəmirik ki, o, bizim həyətdə yaşasın. Hamımız bir yerdə onun qapısının ağzına gəldik və qapını döydük. Qapını heç kim açmadı, biz yenə də döydük, çıxan olmadığı üçün hamımız bir nəfər kimi evə daxil olduq.
Qadın çarpayının üstündə oturub ağlamağa başladı. Hələ həyatımda belə ağlayan adama rast gəlməmişdim. O bizə əhəmiyyət vermədən, paltar yumaqdan ağarıb dərisi qopmuş əllərini üzünə tutaraq göz yaşları axıdırdı. Onun uşaqları gəlişimizdən qorxaraq üzümüzə təəccüblə baxdılar, sonra ağlaya-ağlaya analarının üstünə cumdular.
Biz, “polkovniklər”, “generallar”, “marşallar” onun qarşısında sakitcə durmuşduq. Hər kəs istəyirdi ki, boğazına dirənmiş sözü desin. Biz indi demək istəyirdik ki, dünyada heç bir ağac insanın göz yaşlarına dəyməz. Yəqin ki, biz böyük adamlar olsaydıq belə deyərdik. Allah bilir ki, belə işlərlə üzləşəndə böyüklər nə deyirlər.
Biz qərargaha qayıtdıq, paqon və ulduz almaq üçün topladığımız pulu götürüb Kubinkaya yollandıq. 28 nömrəli evin uşaqları da bizim arxamızca gəldilər. Kubinkada ağac satılan yeri çox axtardıq. Bizə köynək, donuz əti, konserv almağı təklif etdilər, dedik bizə heç nə lazım deyil, əkmək üçün püstə ağacı axtarırdıq. Axtara-axtara axır ki, gəlib ağac satılan yerə çıxdıq. Ağac satan adama yaxınlaşıb dedik ki, bizə püstə ağacı lazımdır.
— Banan ağacı? — dedi satıcı və yoldaşına göz vurdu.
Dedik ki, bizə püstə ağacı lazımdır, topladığımız pulu da ona verdik. Satıcı yerdə uzanmış ağacların arasından birini seçib bizə verdi və dedi ki, bu ağac əsl püstə ağacıdır. Məsləhət gördü ki, onu əkəndən sonra tez-tez sulayaq.
Biz ağacı növbə ilə gətirib evə gətirdik. Axşama kimi çala qazıb ağacı əkdik, ətrafını belləyib yumşaltdıq.
Sonra birlikdə təzə qonşunun yanına getdik və ona dedik ki, biz təzə ağac əkdik, daha ağlamasın, ancaq indi ehtiyatlı olmaq lazımdır, ağacın dibinə çirkli su tökmək olmaz.
O bizim hamımızın başını tumarladı, sonra dedi ki, çıxıb gedək, yoxsa ağacın pulunu verəcək. Onun səsi çox qorxulu idi, elə bil ki, ona nəsə olmuşdu. Yanaqları göz yaşlarına bulanmışdı. O, belə vəziyyətdə də gözəl görünürdü. Deyəsən biz ağac almağa gedəndə ağlamışdı, onun səsini uzaqdan-uzağa eşitmişdik.
Axşam evə qayıdanda anam dedi ki, təzə qonşunun əri cəbhədə həlak olub, dünən o, ərinin qara kağızını alıb.
Əkdiyimiz ağac böyümüşdü, şübhəsiz, o, püstə ağacı deyildi. Heç bilmirdik nə ağacdır. Biz növbə ilə hamımız ağacı sulayırdıq, o cümlədən təzə qonşu da… Təzə haradan oldu, artıq iyirmi il idi ki, o bizimlə qonşu idi. İndi qonşuların hamısı həmin bizim əkdiyimiz ağacın kölgəsinə toplaşıb söhbət edirlər, heç kim heyfsilənmir ki, o ağac püstə ağacı deyil.
Eyni bölmədən
Oxşar yazılar

Şəkildə görünməyən qadın - Sərdar Aminin "Yosma" romanından parça
Bir zəncirotu lifi əlvan gecə işıqlarının fonunda asta-asta pəncərəmin önündən keçib yamyaşıl xan çinarının içində gözdən itdi

Əlində isti təndir çörəyi, cibində sehrli hekayələr - "Sum" romanından parça..

Vəzifəyə görə atasının sümüklərini qəbirdən çıxartdı - HEKAYƏ
"Ala-bəzək çamadan" hekayəsi

